Elnur Rəsuloğlu (Əliyev)
Hamı şeir yaza bilər, amma
poema qələmə almağı hər şair bacarmır.
Bir çoxumuza yaxşı məlumdur ki, XII əsrdə yaşayıb-yaratmış
Əfzələddin Xaqaninin (1126-1199) yarı xatirə, yarı səfərnamə səciyyəsi daşıyan,
şairin Şirvanşahlar sarayında gördüyü zülm və ədalətsizliklərə qarşı dərin
etirazını bildirdiyi, müasirlərindən, qohumlarından, dostlarından, uşaqlıq və
təhsil illərindən söhbət açdığı, nəcib insani sifətləri təbliğ etdiyi və böyük
Nizami Gəncəvinin (1141-1209) “Xəmsə” toplusuna daxil olan “Sirlər xəzinəsi”nə
(1174-1175) bənzədilən “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) əsəri
Azərbaycan ədəbiyyatı tarixində ilk poemadır.
Mərhum tənqidçi-alim Abbas Hacıyevin (1933-2011) fikrincə,
poemalar məzmununa, quruluşuna, ideyasına, təhkiyə və ahənginə görə müxtəlif
tiplərə - lirik, epik və dramatik poemalara ayrılır.
Əsərlərində sarayların iç üzünü açmış, şah və hakimlərə qarşı
kəskin tənqidi münasibət bildirmiş Xaqani Şirvanidən üzü bəri bugünkü
günümüzədək ədəbiyyatımızda çoxlu sayda poema yazılsa da, bu janrın inkişaf
dövrü iyirminci yüzilliyə, daha dəqiq desək, 1920-1991-ci illərə təsadüf edir.
Ədəbiyyatşünaslar tərəfindən Azərbaycan ədəbiyyatının sovet dövrü kimi
xarakterizə edilən bu mərhələdə epik poeziya yollarında inamlı addımlarla
irəliləmiş Əliağa Kürçaylının (1928-1980) poemaları da xüsusi yer tutur. O,
yazılı ədəbiyyatın bu janrına elə yaradıcılığının ilk illərindən meyil
göstərmiş, ömrünün axırına qədər bu sahədəki axtarışlarını davam etdirmişdir.
Ə.Kürçaylının müxtəlif illərdə nəşr edilmiş və kitablarında yer
almış 25 poemasından yalnız üçü lirik səpkilidir. Bu əsərlərdə epik poemalara
xas olan süjet xətti, konkret hadisələr və konkret obrazlar görünmür.
İnsan əməyini tərənnüm edən, zəhmət adamlarının həyatından, duyğu
və düşüncələrindən söz açan “Bakılı Kolumb” poeması (1970-1971) keçən əsrin
50-70-ci illərində aktual olan əmək mövzusunda qələmə alınmışdır. Kürçaylının
bu maraqlı və oxunaqlı epik poeziya nümunəsinin giriş hissəsində şairin lirik
poema kimi dəyərləndirdiyi əsər qəhrəman dəniz neftçilərimizə ithaf olunmuşdur.
Poema hər birini 10 misra təşkil edən 15 şeir parçasından ibarətdir. Dənizlər
allahı Neptunun adı çəkilən əsərdə müəllif dəniz neftçilərinin ağır əməyini
tərənnüm edir, onların axtarışlarını, Kolumb inadını alqışlayır.
Əməkdar incəsənət xadimi Əliağa Kürçaylının “Həyatın dolayları”
kitabında (Bakı, “Azərnəşr”, 1973, səh. 135-142)
layiqli yerini tutmuş “Bakılı Kolumb”da şair sərbəstdir, fikrini, hiss və
duyğularını heç bir çərçivəyə, qəlibə salmadan ifadə edir.
Ana məhəbbəti mövzusunda yazılan “Ana” (1973-74) əsəri sırf lirik
poemadır.
Ə.Kürçaylının gözəllik ilahəsi Afroditanın adı keçən “Ana” poeması
bu mövzuda qələmə alınmış digər epik poeziya nümunələrindən təbii ki, konkret
hissi-emosional təqdimi ilə seçilir. Əsərdə göstərilən qadın Kürçaylının öz
doğma anasıdır. Bu ananın özünəməxsus dünyası, mənəvi aləmi, həyata, insanlara
öz baxışı var. Müəllif məhz bu özünəməxsusluğu bədii tədqiqat obyektinə
çevirir.
İlk dəfə şairin “Dünya ovcumdadır” kitabında (Bakı, “Gənclik”
nəşriyyatı, 1976, səh. 115-134) çap edilən poemada təsirli, bir ana qəlbinin böyüklüyündən
söz açan səhnələr az deyildir.
Əliağa Kürçaylının 1976-cı ildə yazdığı və 4 bölmədən ibarət “Adi
adam” poemasında adından da göründüyü kimi, adi insanların mənalı həyatından
danışılır. Əsərdə konkret bir obraz, real şəxsiyyət təsvir olunmur. Bu epik
poeziya nümunəsi lirik planda qələmə alınmışdır.
Ə.Kürçaylının şeir və poemalarının toplandığı, Azərbaycan Dövlət Mükafatına
layiq görülən “Bütövlük” kitabında (Bakı, “Yazıçı” nəşriyyatı, 1978, səh.
496-507) dərc edilmiş “Adi adam” poeması haqqında öncə söylədiklərimizə yeni
bir fikir əlavə etmək çətindir. Lirik səpkili bu əsər müəllifin lirik planda
yazdığı epik poeziya nümunələri ilə müqayisədə diqqəti o qədər də cəlb etmir.
Kürçaylının lirikası onun bənzərsiz bir şair olduğunu təsdiq
etdiyi halda, lirik poemaları müəllifin həyata, cəmiyyət hadisələrinə dərindən
bələd olduğunu sübut edir.
Qeyd. Bu yazı hazırlanarkən əlavə və dəyişikliklər edilməklə
Sevda Əlican qızı Əliyevanın “Ə.Kürçaylının poetik dünyası” monoqrafiyasından
(Bakı, “Azərnəşr”, 1998, səh. 156, 161-162, 192-193, 197-198) geniş şəkildə
istifadə olunmuşdur.