Elnur Rəsuloğlu (Əliyev)
1. Azərbaycan poeziyasında sonetin təşəkkül
mərhələsi;
2. Axtarış yollarında (1920-50-ci illər);
3. Azərbaycan sonetinin kamilləşmə və
kütləviləşmə dövrü (1960-80-ci illər);
4. Azərbaycan soneti çağdaş mərhələdə.
Yuxarıda sadalananlar içərisində ikinci –
“axtarış yollarında” mərhələsi daha çox diqqət çəkir. Adıçəkilən mərhələni
səciyyələndirən filologiya elmlər doktoru H.Həşimli yazır:
“İlk nümunələri XX əsrin əvvəllərində yaranan
Azərbaycan soneti 1920-50-ci illərdə özünün müəyyən sabitləşmə dövrünü yaşayır.
Daha doğrusu, həmin mərhələdə janrın axtarış əhatəsi genişlənir, əruzdan hecaya
keçid tam başa çatır, mövzu-problematika əlvanlığı xüsusi vüsət alır...”
(Hüseyn Həşimli. Azərbaycan poeziyasında sonet və terset. Bakı, “Elm”
nəşriyyatı, 2003, səh.65).
Bu mərhələdə yazıb-yaratmış Abdulla Şaiq
(1881-1959), Süleyman Rüstəm (1906-1989), Səməd Vurğun (1906-1956), Əhməd Cəmil
(1913-1977), represiya qurbanları Əlirza Abdullayev ( ? -1943), Mikayıl Müşfiq
(1908-1939), “didərgin şair” Almas İldırımla (1907-1952) yanaşı, Azərbaycan
poeziyasında öz yeri olan Əliağa Kürçaylı (1928-1980) da sonet yaradıcılığı ilə
məşğul olmuşdur. O, 1954-1959-cu illər arası dörd sonet qələmə almış,
Azərbaycan sonetinin tematika və problematikasının xeyli genişlənib sənətkarlıq
məziyyətlərinin daha da dolğunlaşdığı üçüncü – kamilləşmə və kütləviləşmə
dövrünün (1960-80-ci illər) əvvəllərində, yəni 1962-ci ildə iki sonet yazmaqla
bu dövrdə “...ədəbiyyatımızda bu janra ardıcıl müraciət edən, çoxsaylı və
dəyərli sonetlər yazan A.Babayev, Ş.Aslan, Abbasağa kimi istedadlı
şairlərin...” (Hüseyn Həşimli. Azərbaycan poeziyasında sonet və terset. Bakı,
“Elm” nəşriyyatı, 2003, səh.81) sonet yaradıcılığı yollarında “mayak” rolunu
oynamışdır.
“…Onun (Əliağa Kürçaylının – E.R.)
sonetlərində misraların müxtəlif heca ölçülərində olması, rəngarəng bədii
təsvir və ifadə vasitələri, az sözlə dərin məna çatdırmaq məharəti ilk baxışda
diqqəti cəlb edir...” (Hüseyn Həşimli. Azərbaycan poeziyasında sonet və terset.
Bakı, “Elm” nəşriyyatı, 2003, səh.76).
Bizim burada məqsədimiz Ə.Kürçaylının hamısı
italyan soneti formasında olan sonetlərini yenidən təhlilə cəlb etmək deyil.
Biz mərhum şairin sonet yaradıcılığı haqqında dolğun təsəvvür yaratmış
təhlillərdəki bəzi qaranlıq məqamlara aydınlıq gətirməkdən ötrü əldə olan
faktları aşağıda sistemli şəkildə nəzərinizə çatdırmağı lazım bilirik:
1) “Bir qız keçir küçədən – bir gözəllik
timsalı” misrası ilə başlanan sonet (Bakı, 1954)
Qafiyələnmə sistemi: abab cçcç dde əəe
Heca ölçüsü: 14-lük (7+7)
2) “İnsan yalnız bir dəfə gəlir dünya üzünə”
misrası ilə başlanan sonet (Bakı, 1954)
Qafiyələnmə sistemi: abab cçcç dde əəe
Heca ölçüsü: 14-lük (7+7)
3) “Yaman oxşayırsan deyirlər, mənə” misrası
ilə başlanan sonet (Kislovodsk, 1955)
Qafiyələnmə sistemi: abab cçcç dde əəe
Heca ölçüsü: 11-lik (6+5)
4) “Etiraf” və ya “Bilmirəm işin nə, sənətin
nədir” misrası ilə başlanan sonet (1959)
Qafiyələnmə sistemi: abba cçcç dde əəe
Heca ölçüsü: 11-lik (6+5)
5) “Torpaq quruyurdu, yağdı yağışlar” misrası
ilə başlanan sonet (1962)
Qafiyələnmə sistemi: abab cçcç dde əəe
Heca ölçüsü: 11-lik (6+5)
6) “Məhəbbət yolunda yorulmur ürək” misrası
ilə başlanan sonet (1962)
Qafiyələnmə sistemi: abba cçcç dde əəe
Heca ölçüsü: 11-lik (6+5)
Sual oluna bilər ki, bəs niyə “Bilmirəm işin
nə, sənətin nədir” misrası ilə başlanan sonetin yazılma tarixi Kürçaylının
“Bütövlük”lə (Bakı, “Yazıçı” nəşriyyatı, 1978) “Seçilmiş əsərləri”nin (Bakı,
Azərnəşr, 1989) müvafiq olaraq 254 və 240-cı səhifələrində 1961-ci il kimi
göstərilib?
Bu suala cavab olaraq onu deyə bilərik ki, biz
göstərdiyimiz 1959-cu il tarixi heç də göydən düşmə deyil. Əliağa Kürçaylının
1960-cı ildə nəşr olunmuş “Cavabsız məktublar” (Bakı, Azərnəşr) kitabının 57-ci
səhifəsinə nəzər yetirsək, bu sonetin “Etiraf” adı ilə getdiyinin şahidinə
çevrilərik. 1959-cu ildə qələmə alınıb 1960-cı ildə çap olunmuş sonet heç vaxt
1961-ci ildə yazıla bilməzdi. Bu heç bir məntiqə sığan iş deyil.
Ə.Kürçaylının son iki - 5 və 6-cı sonetlərinin qələmə alınma ili
şairin “Şeirlər” (Bakı, Azərnəşr, 1963) kitabının müvafiq olaraq 17 və 29-cu
səhifələrində verilən 1962-ci il tarixinə əsasən müəyyənləşdirilib
dəqiqləşdirilmişdir.
Ən sonda onu da qeyd etməliyik ki, əgər biz bu
kiçikhəcmli yazımızla Kürçaylının sonetlərinin təhlillərində olan bəzi qaranlıq
məqamlara müəyyən mənada aydınlıq gətirə bildiksə, bu bizim üçün böyük
nailiyyətdir.