GETMİSƏN….
Ömründən kədəri, qəmi silmişdim,
Üzümdən gülüşü silib getmisən ….
Mən sənə bağrımda yer eləmişdim,
Bağrımın başını dəlib getmisən …
Bilmirdin, olmasan, arzular puçdu?!
Gedərkən ağlından de, nələr keçdi?
Bilmirdin , bu ürək sənsiz bir heçdi?
Niyə bilmirdin ki ….bilib getmisən ….
Deyirdim, sən mənsiz qala bilməzsən…
Meylini kiməsə sala bilməzsən….
Məndən başqasının ola bilməzsən …..
Mənim saflığıma gülüb….getmisən …
Gözlərin zəhərli bir cüt ox imiş …
Mənim məsum sevgim sənə çox imiş !
Sən demə , qalmağa fikrin yox imiş,
Ömrümə yad kimi gəlib getmisən…
Döndün bir gecədə saçımda dənə,
Rəhmət diləyirəm Allahdan sənə…
Nə olsun ki sağsan?! Bundan mənə nə?!
Mənim ki qəlbimdə ölüb getmisən ….