Səni tapana qədər dünya necə böyükmüş,
Səni axtarmaq üçün illəri ötürmüşəm…
Nə bileydim bu sevgi mənim könlümə yükmüş,
Özüm öz xoşum ilə boynuma götürmüşəm…
Baxmamısan gözümün sel- suyuna, yaşına,
Qoymamısan ki, qonum sizin elçi daşına…
Qırmızı bir ip salıb ürəyimin başına
Qurbanlıq olsun deyə qapına gətirmişəm…
Zikr edərək çəkmişəm gündə yüz yol adını,
Sevmişəm qüsurunu, sevmişəm inadını…
Elə almısan mənim gözlərimin odunu,
Bütün qohum-tanışla dostluğu bitirmişəm….
Səni tapandan sonra sanırdım şad olaram,
Bilmirdim belə miskin, belə bərbad olaram…
Nə bileydim gün gələr özümə yad olaram?((
Səni tapandan sonra özümü itirmişəm….