
Ox kimi kirpikli, yay kimi qaşlı,
Mən sənin o gözəl gözünü sevdim…
Qəlbimə od salan, dərin baxışlı,
Ətrafa nur saçan üzünü SEVDİM…
Tamam yorulmuşdum, tamam bitmişdim…
Ümidin üstündən bir xətt çəkmişdim…
Yolumu azmışdım, sanki itmişdim…
Mənə yol göstərən izini SEVDİM…
Səmimi olmusan mənə həmişə,
Bu səndə çevrilib artıq vərdişə,
Qəlbimdə qurmusan əvəzsiz guşə,
Şirin söhbətini, sözünü SEVDİM….
Dərdimə dözməzdi nə dağ, nə dərə,
Mən səni sevmədim axı boş yerə,
İçimə atəşi saldın bir kərə…
Sönməyən odunu, közünü SEVDİM…
De görüm, sənintək gözəl hardadır?
Xoşbəxtlik sən gələn o yollardadır,
Sən gəldin-gələli ömrüm bal dadır…
Sənin şəkərini, duzunu SEVDİM…
Çalışaq eşqimiz qalmasın yarı,
Yaşadaq sevgini, əhdi, ilqarı,
Səndə cəsarəti, səndə vüqarı,
Səbri, mətanəti, dözümü SEVDİM…
Zahiri gözəllik, qəlbdə xoş niyyət,
Təcəssüm eyləyib səndə bu vəhdət.
Axtarıb mən səndə tapdım həqiqət,
Sözündə doğrunu, düzünü SEVDİM…
Səni düşünmədən keçmir bir anım,
Daima yanımda sən ol hayanım,
Səninlə uyuyum, sənlə oyanım,
Hər şeydən çox…. sənin özünü SEVDİM…
Namiq Müslümov.