
Yaşımın üstünə bir yaş da gəldi,
Ömrümdən bir il də daha azaldı.
İlləri sürətlə qovan əcəldi,
Kim bilir, bitməyə neçə il qaldı...
Sanki dünən idi uşaq olmağım,
Bəs gənclik, cavanlıq harada itdi?
Dünən uşaqlıqsa, cavanlıq çağım,
Dünəndən bu günə keçəndə bitdi?
Bilmədim dan yeri nə vaxt söküldü,
Bilmədim bu yaşa mən necə çatdım.
Başdan saç, ağızdan diş də töküldü,
Qara saçlarımı nə vaxt ağartdım?
İllər də itirib bərəkətini.
Başlayıb bitməsi bir anlıq olur
Durdurun dünyanın hərəkətini,
Zamanın yarısı qaranlıq olur.
Bəlkə qaranlıqda itir ömrümüz,
Gündüz yaşananlar silinir gecə?
Bəlkə də yatmaqla bizim özümüz,
Zamanı yuxuda veririk heçə?
Yarıdan çoxunu yaşadım ömrün,
Ancaq illər mənə çox qısa gəldi.
Qırx dörd illik olan həmin bu dövrün,
Günlərə sığması məgər gözəldi?
Belə fikirlərlə irəli-geri,
Beynimin içində çaşıb, azmışam.
Yəqin illər sonra mən bu şeiri,
Oxuyub deyərəm, dünən yazmışam.
Namiq Müslümov